Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran, Azərbaycan və Gürcüstan ərazilərindən tranzit keçməklə İraqdan Türkiyəyə yüksüz gedən Türkiyə vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "Volvo" markalı "47 PC 821/33 AS 368" nömrə nişanlı soyuducu yük avtomobili saxlanıb, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçiriblər.
Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilib, Azərbaycanın aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində "GSS", 1800 ədəd üzərində "Brilliant", 5000 ədəd üzərində "OSCAR", 6000 ədəd üzərində "KİNG", 8000 ədəd üzərində "MM" və 408 000 ədəd üzərində "Victory" yazısı olan, ümumilikdə 429 600 ədəd siqaret aşkar edilib.