İlham Əliyev Göygöl və Samux rayonlarına səfər edib

İlham Əliyev Göygöl və Samux rayonlarına səfər edib



Bu gün Azərbaycan prezidenti İlham Əliyev Samux rayonuna səfəri çərçivəsində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, uzunluğu 19 kilometrdən çox olan yol yerli şərait nəzərə alınmaqla birinci və üçüncü texniki dərəcələrə uyğun surətdə hissələrlə layihələndirilib. Hərəkət hissələrinin eni 7-14 metr arasında dəyişən yol 2 və 4 hərəkət zolaqlıdır. Tikinti işləri həyata keçirilərkən Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək.

Eyni zamanda, bu yol vasitəsilə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan, Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi kimi qorunan “İmamzadə” dini-mədəniyyət kompleksinə ziyarətçilərin rahat gediş-gəlişi təmin ediləcək.

***

Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gəlib.

Dövlət Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə prezident İlham Əliyevə məlumat verib.


***

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib.


Azərbaycan prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib. Bildirilib ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşüb. Stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb. Diqqətə çatdırıldı ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dövlət başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.


***


Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfər edib.

Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri