“Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.
Azərbaycan çempionu Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.
Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.
Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.
28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib.
Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.
***
Yay “transfer pəncərəsi”nin son günündə “Qarabağ” növbəti transferini həyata keçirib.
Live.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında təmsilçimizin heyətində keçirəcək.
27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.
Qeyd edək ki, daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.
***
“Qarabağ” bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. APA-nın məlumatına görə, ölkə çempionu millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.
Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb.
Ötən yay “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.
Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.