Prezident: “Ət istehsalı 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir” Böyüt

Prezident: “Ət istehsalı 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir”  Böyüt



"Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, xarici bazarlarda məhsullarımıza böyük maraq var"
“Biz əvvəlki illərdə - sovet dövründə əti, südü, toyuq ətini Azərbaycana başqa respublikalardan gətirirdik. Bu gün bu sahələr üzrə çox böyük inkişaf var”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.

Dövlət başçısı deyib ki, ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir: “Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur. Görüləcək tədbirlər nəticəsində biz 100 faiz səviyyəsinə çatacağıq. Bizim üçün ənənəvi olan sahələr də bu gün uğurla inkişaf etdirilir. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi – Sabirabadda və Saatlıda. Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Fındıq bağlarının sahəsi 55 min hektara çatdı, 80 min hektara çatacaq. Barama istehsalı isə indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb. Dünən Lənkəranda tut tingləri sahəsinə də baxış keçirdim. Görürəm ki, Lənkəranda da bu sahəyə böyük maraq var. Baxmayaraq ki, sovet vaxtında baramaçılıq Lənkəranda və bu zonada inkişaf etdirilmirdi. Bu sahələrin inkişafı məşğulluğu artırır, idxaldan asılılığı azaldır, ixrac potensialımızı gücləndirir. Bizim məqsədimiz bundan ibarətdir”.


Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir: “Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin”.



APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri