Nazirlik: “Super” markalı benzinin bahalaşmasının hər hansı sahəyə təsirindən danışmaq yersizdir

Nazirlik: “Super” markalı benzinin bahalaşmasının hər hansı sahəyə təsirindən danışmaq yersizdir



“Azərbaycanda “Aİ-98 super” markalı benzinin bahalaşması heç bir sahəyə təsir etməyəcək”. Live.az məlumatına görə, bu barədə APA-ya açıqlamasında İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.

“Sözügedən markalı benzin Azərbaycanda istehsal olunmur və idxala bağlıdır, bu səbəbdən onun qiyməti dövlət tərəfindən tənzimlənmir. Beləliklə, qiymət dəyişikliyinin hər hansı sahəyə təsirindən danışmaq yersizdir. Bəzi xəbər saytlarının bu mövzuda ajiotaj yaratması yolverilməzdir”, - deyə A. Əliyev qeyd edib.

Qurum rəsmisi bildirib ki, “Super” markalı benzindən çox az sayda lüks avtomobillərdə istifadə olunur.

Xatırladaq ki, bu gündən etibarən Azərbaycanda "Aİ-98 super" markalı 1,20 manatdan 1,30 manatadək bahalaşıb.

"Super" markalı benzin yalnız "SOCAR Petroleum" QSC-nin yanacaqdoldurma məntəqələrində satılır.

Adıçəkilən şirkətin mətbuat xidmətindən "APA-Economics"ə bildirilib ki, qiymət artımı bu gün səhər 08:00-dan etibarən baş verib. "Bilirsiniz ki, "Super" markalı benzin Azərbaycana idxal olunur və yalnız SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində satılır. Qiymət artımına səbəb mənbədə, yəni Rumıniyada bu markadan olan benzinin bahalaşmasıdır", - deyə şirkət rəsmisi bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri