Prezident İlham Əliyev: "Koreya yarımadasında baş verənlər ciddi təhlükə mənbəyidir"
- 06.09.2017, 22:56,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı özünün Koreyaya iki dəfə və Koreyanın yüksək dövlət rəhbərlərinin Azərbaycana səfərlərini xatırlayıb. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan prezident İlham Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib. Dövlət başçısı ölkələrimizin iqtisadi və siyasi sahələrdə uğurlu əməkdaşlıq etdiklərini, mədəniyyət sahəsində yaxşı əlaqələrin qurulduğunu bildirərək Azərbaycanda Koreya mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən prezident bildirib ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır. Xalqlarımız arasında oxşarlığın olduğunu deyən dövlət başçısı xalqlarımızın öz ənənələrini qoruyub saxlamağa çalışmalarının önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bu səfər parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi işinə xidmət edəcək.
Öz növbəsində, Park Cu-sun bildirib ki, səfərin əsas məqsədi Koreya və Azərbaycan parlamentləri arasında əlaqələri yaxşılaşdırmaqdan ibarətdir. O, bu səfərin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin önəmini qeyd edib. Park Cu-sun Koreya yarımadasında mövcud gərginlik barədə dövlətimizin başçısına məlumat verib. O, bu prosesə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Dövlət başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə dəstək vermələrinin əhəmiyyəti vurğulanıb.
APA