İcbari sığorta müqavilələri üzrə sığorta haqları nağdsız ödəniləcək

İcbari sığorta müqavilələri üzrə sığorta haqları nağdsız ödəniləcək



“Hazırda icbari sığorta haqları əksər hallarda sığortalıların vəsaiti əlbəəl sığorta vasitəçilərinə verməsi yolu ilə ödənilir. Bu həm sığortalılar üçün qarşı tərəfdən asılı olmaq kimi müəyyən narahatlıqlar yaradır, həm də bəzi hallarda sığorta vasitəçilərinin bundan sui-istifadə etməsinə yol açır”.

Bu barədə məlumat İcbari Sığorta Bürosunun dərc etdiyi yarımillik hesabatda yer alıb.

Sənəddə bildirilib ki, sığorta haqlarının ödənişi zamanı sığortalıların müstəqilliyini və rahatlığını təmin etmək, eləcə də vasitəçiliklə bağlı mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədilə bağlanılan icbari sığorta müqavilələri üzrə sığorta haqlarının nağdsız ödənişinə keçirilməsi nəzərdə tutulub.

Sığorta haqlarının nağdsız ödənişi üsullarından biri kimi ictimai yerlərdə quraşdırılmış ödəniş köşklərinin istifadəsi nəzərdən keçirilir. Qeyd edək ki, hazırda AVSMMİS növü üzrə sığorta haqlarını Hökumət Ödəniş Portalının sisteminə qoşulmuş “Express Pay” ödəniş terminalları vasitəsilə ödəmək mümkündür.

Bundan əlavə, vətəndaşlar müstəqil şəkildə Hökumət Ödəniş Portalına daxil olaraq orada sığorta haqlarını onlayn ödəyə bilər. Ödəniş terminallarının kütləviliyini və əhalinin onlardan fəal istifadə etməsini nəzərə alaraq, Büro digər icbari sığorta növləri üzrə də sığorta haqlarının ödənişinin bu terminallar vasitəsilə qəbulu imkanının yaradılması üzərində çalışır. Həmçinin, bu imkanın müxtəlif ödəniş sistemlərinə məxsus terminallarda mövcud ola bilməsi üçün hazırda həmin təşkilatlarla texniki müzakirələr aparılır.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri