BMT QAK: 3,5 milyondan çox qaçqın uşaq məktəbə getmək imkanından məhrum olub

BMT QAK: 3,5 milyondan çox qaçqın uşaq məktəbə getmək imkanından məhrum olub


Yaşı 5-dən 17-dək olan 3,5 milyondan çox qaçqın uşaq ötən tədris ilində məktəbə getmək imkanından məhrum olub.

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin (QAK) hesabatında deyilir. Bu rəqəm ibtidai məktəbə gedə bilməyən təxminən 1,5 milyon qaçqın uşağı əhatə edir, 2 milyon yeniyetmə qaçqın isə orta məktəbə gedə bilməyib.
"BMT QAK-ın mandatı altında olan 17,2 milyon qaçqının yarısı uşaqlardır", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
Qeyd olunub ki, bu yeniyetmələrin təhsili onları qəbul etmiş ölkələrin sülh şəraitində və davamlı surətdə inkişaf etməsi üçün önəmlidir.
Bildirilib ki, bütün dünyada uşaqların 91 faizi ibtidai məktəbə gedirlər. Qaçqınlar üçün bu rəqəm xeyli aşağı olmaqla yalnız 61% təşkil edir, gəlir səviyyəsi aşağı olan ölkələrdə isə bu rəqəm 50%-dən də azdır. Qaçqın uşaqlar böyüdükcə maneələr də artır: qaçqın yeniyetmələrin yalnız 23%-i orta məktəbə qəbul edilirlər, dünya üzrə bu rəqəm 84 faizdir. Gəlir səviyyəsi aşağı olan ölkələrdə qaçqınların yalnız 9 faizi orta məktəbə getmək imkanına malikdirlər.

Hesabata görə, ali təhsil sahəsində isə vəziyyət böhran həddindədir. Bütün dünyada ali təhsil müəssisələrinə qəbulun göstəricisi 36 faiz təşkil edir. Qaçqınlara gəlincə, təqaüd proqramlarına və digər proqramlara vəsait qoyuluşu sayəsində ümumən bu sahədə vəziyyət xeyli yaxşılaşsa da, faiz göstəricisi 1 faiz həddində qalır.
Şərhlər
Sosial bölməsinin xəbərləri