15 sentyabr - “Bilik günü”dür

15 sentyabr - “Bilik günü”dür



Bu gün Azərbaycanda “Bilik günü” qeyd edilir.

Bütün ölkədə sentyabrın 15-dən yeni tədris ilinə start verilir.

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

Bu il Azərbaycanın orta məktəblərinə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək. Yeni tədris ilində 164 945 şagird respublikanın ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq. Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 şagird birinci sinfə getmişdi.

Bütün mənbələr hesabına bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur.

İl ərzində 12 məktəb binası əsaslı, 484 məktəb binası cari təmir edilib. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Yeni çap edilmiş dərslik və metodik vəsaitləri yerlərə çatdırılıb və dövlət ümumtəhsil məktəblərinin şagirdləri dərsliklərlə təmin olunub.

Bu gün yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirib. Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürülüb. Hər hansı xoşagəlməz hadisənin baş verməməsi, “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadların sayı artırılıb, zəruri olan bütün təhlükəsizlik tədbirlər görülüb.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibələrinə, valideynlərə müraciət edərək sabah təhsil müəssisələri istiqamətində hərəkət edərkən nəqliyyat vasitəsini yolların hərəkət hissəsində saxlamamağı tövsiyə edib. Əks təqdirdə həmin sürücülər məsuliyyətə cəlb ediləcək.


APA
Şərhlər
Sosial bölməsinin xəbərləri