Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin qalibi məlum olub.
Birinci yerin sahibi Türkiyə vətəndaşı Üzeyir Söyləməz olub.
Marafonda ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər Muradi, üçüncü yerə isə Gürcüstan vətəndaşı Timuraz Baikeev çıxıb.
Qadınlar arasında birincilik Ukrayna vətəndaşı Volentina Poltavıskaya nəsib olub. Qaçışı ikinci yerdə azərbaycanlı Anna Yusupova, üçüncü yerə isə Böyük Britaniya vətəndaşı Nataşa Petersen tamamlayıb.
***
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Gəncə Marafonu - 2017”-ə start verilib.
Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçirilən “Gəncə Marafonu - 2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.
Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etmir. Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürüb, Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
“Gəncə Marafonu – 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.