"Oyunçuların hamısını oynatmağa çalışırıq. Futbolçuların hamısına şans vermək istəyirik. Heyəti rəqibə görə formalaşdırmırıq. Hazır olanı meydana buraxırıq. Mənim "Qarabağ"a, onun tarixinə böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, çox çətin olacaq".
"Report" xəbər verir ki, bunu İtaliyanın "Roma" komandasının baş məşqçisi Eusebio Di Françesko futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
O, matçın baş tutacağı Bakı Olimpiya Stadionunda təşkil edilən tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.
- El Şaaraviyə şans verməyiniz nə ilə bağlıdır?
- El Şaaravinin sağalması qısa vaxt çəkdi. Onun hazır olduğunu gördük. Bu səbəbdən də meydana buraxırıq.
- Onu kimlər əvəz edə bilər?
- Florensi və Perottini qeyd edərdim.
- İtaliya komandalarının ÇL-də zəif çıxış etməsi fikri ilə razısınız? Bu, məşqlərin azlığı ilə bağlı ola bilər?
- Bu fikirlə razı deyiləm. Daim İngiltərə və ya İspaniya klublarına qarşı yaxşı oyunlar keçirmişik. ÇL-də zəif çıxışın başqa səbəbi olmalıdır. Bu, məşqlərin azlığı ilə bağlı deyil.
- "Roma"nı qarşıda daha çətin oyunlar gözləyir. Bu baxımdan "Qarabağ"la görüşdə tam güc sərf etməmək olar?
- Əlbəttə, texniki cəhətdən "Qarabağ"dan üstünlüyümüz çoxdur. Lakin hər bir oyunun nəticəsi bizim üçün əhəmiyyətlidir. Seçdiyimiz siyasət bəllidir: bütün rəqiblərə qarşı sərt və qəddar olmaq.
- Komandanın heyətində hansı dəyişiklər olacaq?
- Heyəti bütöv şəkildə dəyişə bilmərəm. Hansı dəyişikliklərin olacağını da indidən söyləmək düz olmaz.
- Mahir Mədətovu nə vaxtdan izləməyə başlamısınız?
- Çox maraqlı oyunçudur. Uzaqdan zərbələri ilə seçilir. Burada onu da izləyəcəyik. Lakin burada olmaqda məqsədimiz "Qarabağ"a qarşı oynamaqdır. Həm də rəqibin heyətində Dino Ndlovu, Pedro Enrike kimi daha güclü futbolçular var.
***
"Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünürəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə hesabdan silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.
- 65 min azarkeş önündə oynamaq necə hissdir?
- Təzyiq həmişə olur. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxş etməyə çalışacağıq.
- Miçelin cərimə olunması xəbəri doğrudur?
- Bəli, o, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır, lakin idmanda olur. Hətta özümdə də olur. Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah da meydanda olma ehtimalı çoxdur.
- Ansi Aqollinin vəziyyəti necədir?
- Hər şey pozitivdir. Son qərarı sabahkı məşqdən sonra verəcəyik. Bəzi mövqelərlə bağlı fikirlərimiz var.
- Heyətdə nə kimi dəyişikliklər etməyi düşünürsünüz?
- Dəyişikliklər olacaq, amma ciddi yox. Çünki rəqib fərqlidir. Üstəlik, evdə oynayırıq.
- "Roma"nı canlı izləyəndə zəif yerlərini heç görmədiniz?
- O vaxt Pro kateqoriya oxuyarkən, Dortmund "Borussiya"sının düşərgəsinə getmişdim. Həmin vaxt fikirləşirdim ki, Azərbaycan futbolu hardadır, "Borussiya" harda? Sonra "Barselona"ya getdim. Dedim ki, "Barsa" hardadır, "Borussiya" harda? "Roma"nı da canlı izlədim. Bir daha şahidi oldum ki, bu rəqib də top- komandadır. Deməzdim ki, çoxlu sayda səhvlərini gördüm.
- Əvvəllər də İtaliya klublarına qarşı oynamısınız. Müqayisə aparardınız...
- "Roma" "Fiorentina" və "İnter"dən fərqli oyun üslubuna malikdir. Oyunqabağı rəqibi çox da tərifləmək istəmirəm. İtaliyada 2-ci yeri tutmaları hər şeyi deyir.
- Komandanızın üzərində böyük təzyiq olmayacaq. Bunu nəzərə alaraq, Ramil Şeydayev, Mahir Mədətov kimi gənclərə şans verməyi düşünürsünüz?
- Belə oyunlarda kiminsə haqqını əlindən almaq düzgün olmaz. Kim hazırdırsa, o da oynayacaq.
***
İtaliyanın "Roma" futbol klubu Bakıdadır.
Trend-in məlumatına görə, paytaxt təmsilçiləri Bakı Olimpiya Stadionunda "Qarabağ"la oyuna hazırlığı davam etdirir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Roma" oyunu sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
***
Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" klubu ilə qarşılaşacaq İtaliyanın "Roma" komandası Bakıya gəlib. "Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında "sarı-qırmızılar"ı bir qrup azarkeş qarşılayıb.
Futbolçular heç bir açıqlama vermədən onları gözləyən avtobusa yönəliblər.
Qeyd edək ki, bu axşam "Roma"nın Bakı Olimpiya Stadionunda məşqi və baş məşqçi Eusebio Di Françeskonun mətbuat konfransı keçiriləcək. Sentyabrın 27-də elə həmin arenada təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.