Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub.
APA-nın məlumatına görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.
Onun cənazəsi sentyabrın 29-da Bakıya gətirilib.
***
Azərbaycan Milli Elmlər Akademiyasında dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimdə prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətləri inkişaf edib: "Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. O, Azərbaycanın gündən-günə gözəlləşən sosial, elmi, iqtisadi şəraiti lilə fəxr edirdi. Lütfi Zadənin böyük elmi məktəbi var idi. Lütfi Zadə məktəbi Azərbaycanda da təşəkkül tapmışdı. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyətini kədərləndirir".
Mikayıl Cabbarov deyib ki, onun son arzusu Vətənində torpağa tapşırılmaq olub: “Bu, onu göstərir ki, son nəfəsinə qədər Azərbaycanla yaşayıb. Onun dünya elminə verdiyi töhfələr misilsizdir. O bizim böyük alimlərlə birlikdə öz adını Azərbaycan elminin və dünya elminin tarixinə qızıl hərflərlə yazdırıb. Bu gün Azərbaycanda Lütfi Zadənin elmi nailiyyətlərini davam etdirən gənclər yetişir".
Akademik Telman Əliyev qeyd edib ki, Lütfi Zadənin nəzəriyyələri elmdə bəzi əsasları kökündən dəyişdi. Akademik bir çox ölkədə nəqliyyat, bank, intellektual sistemlərin alimin nəzəriyyəsi əsasında işlədiyini diqqətə çatdırıb: "Lütfi Zadə dünya elminə çox böyük töhfələr verib. Onun adı Eynşteyn və Nyuton kimi alimlərin sırasında çəkilməlidir. Biz onunla yoldaş olmuşuq. Lütfi Zadə Bakını, Azərbaycanı hədsiz çox sevirdi. Azərbaycanda onu hər zaman yüksək qiymətləndiriblər. Bakıya gələndə öz məktəbinə, sinfinə baş çəkdi və mən görürdüm ki, Lütfi Zadə özünü necə xoşbəxt hiss edir. Hələ illər əvvəl deyirdi ki, Azərbaycan dünyada firavan ölkələrindən biri olacaq. Ola bilsin o, ömrü boyu Bakıya köçmək arzusunda olub. Son arzusu bunu göstərdi".
Akademik Rasim Əliquliyev bildirib ki, Lütfi Zadənin nəzəriyyəsinin tətbiq sahəsi çox böyükdür: "Beşinci nəsil kompüterlər də onun nəzəriyyəsi əsasında yaradılacaq. O, Nobel mükafatına layiq alimdir. Hansı səbəblərdən bu mükafat verilmədi, bilmirəm. Lütfi Zadənin nəzəriyyəsi bütün alimlərin qarşısında mühüm vəzifələr qoyub, biz onu tətbiq edib öyrənməliyik. Azərbaycanı məktəbli kimi tərk edən Lütfi Zadə vətənə dahi kimi qayıtdı".
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Lütfi Zadənin əvəzsiz xidmətlərindən söz açıb, onun böyük alim, elm xadimi olduğunu vurğulayıb.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da Lütfi Zadənin dünya elminə verdiyi töhfələrdən danışıb. Səfir bildirib ki, Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun elmi nailiyyətləri həm Azərbaycan, həm də Amerikada çox məşhurdur: "Azərbaycanın böyük oğlu Bakıda doğulub, dünya elminə möhtəşəm töhfələr verib. Lütfi Zadənin fəaliyyəti müasir texnologiya, yeraltı qatarlar üçün baza rolunu oynayıb. Biz onun elmi fəaliyyətindən bəhrələnməyə davam edirik. Amerikalılar Azərbaycan xalqı ilə birgə bu itkidən kədərlənir, onun ruhunun əbədi dinclik tapması üçün sizinlə birgə dua edirik".
Dünya şöhrətli alimin ailəsi adından çıxış edən xalası qızı, xalq artisti Cənnət Səlimova vida mərasiminin təşkilində görə Azərbaycan dövlətinə və prezident İlham Əliyevə təşəkkürünün bildirib: "Bu əziyyətli və şərəfli işdə başda möhtərəm prezidentimiz olmaqla, əməyi keçən bütün insanlara öz dərin təşəkkürümü bildirirəm. Əziz və əvəzolunmaz insan, dahi Lütfi Zadə bu torpaqda əbədi uyuyacaq. Ruhu şad olsun".
Alimin cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.
***
Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Bakıya gətirilib. APA-nın məlumatına görə, alimin cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Xəbər verildiyi kimi, cənazə Heydər Məscidinə aparılacaq və cənazə namazı qılınacaq.
Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.
O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.
20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.