ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.
“Ölən və yaralananların sayı artıb. Hazırda 59 nəfərin öldüyü təsdiqlənib, xəsarət alanların sayı 527 nəfərə çatıb”, deyə C.Lombardo bildirib.
Ötən gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Qeyd edək ki, bu faciə ABŞ tarixində insanların atəş nəticəsində kütləvi şəkildə qətlə yetirildiyi ən qanlı hadisədir.
***
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.
APA-nın "Röyters" agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.
Ölənlər arasında polis əməkdaşları da var.
***
Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib. APA-nın məlumatına görə, bu barədə “Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb.
Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.
Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.
***
Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.
APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.