Azərbaycanda hərbçilər elektrik cərəyanı vurmuş 9 yaşlı uşağı xilas ediblər
- 08.07.2013, 19:18,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən Bakı şəhərində elektrik cərəyanı vurması nəticəsində binanın damında çıxılmaz vəziyyətə düşmüş 9 yaşlı uşaq xilas edilib.
Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.
Hadisə iyunun 27-də axşam saat 20:00 radələrində paytaxtın Nərimanov rayonunun H.Mirzəyev küçəsində baş verib. Evlərdən birinin damına çıxmış 9 yaşlı Nəsirov Sahib Təbriz oğlu yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində iki evin arasına düşüb. Qonşular çalışsalar da, uşağı xilas edə bilməyiblər. Bu zaman hadisə yerinin yaxınlığından keçən Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissəsinin hərbi qulluqçuları – Əfqan Zaxmayev, Kamil Əhmədov, Rəfail İdrisov, Mustafa Şəmsiyev, Zəka Şəfiyev və Həsən Şəmsiyev dama qalxıb. Uşağı binaların arasından çıxararaq ilkin tibbi yardım göstərib - quma basdırıb və süni tənəffüs veriblər. Bundan sonra uşaq xəstəxanaya çatdırılaraq həyatı xilas edilib. Hazırda S.Nəsirovun vəziyyəti normaldır.
Bu günlərdə S.Nəsirovun valideynləri və 50 nəfər bina sakininin imzası ilə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənova ünvanlanmış məktubda Daxili Qoşunların hərbçilərinin sayəsində 9 yaşlı uşağın həyatının xilas edildiyi vurğulanıb və bina sakinlərinin təşəkkürü bildirilib: «Hazırda 5 saylı xəstəxanada müalicə alan övladımıza həmin hərbi qulluqçular tərəfindən bu gün də baş çəkilir. Mən bütün səmimiyyətimlə bildirirəm ki, o hərbçilərin şücaət və qəhrəmanlıqlarını görəndə azərbaycanlı olmağımla fəxr edirəm ki, Sizlər Vətənə, dövlətə və dövlətçiliyə belə qəhrəmanlar yetişdirirsiniz».