Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlamalar verib.
“APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, 3 təhsilli müğənnidir: "İstedadı daha da təkmilləşdirmək üçün təhsil vacibdir. Mən 3 təhsil almışam. Fortepianonu bitirmişəm, xanəndəliyi bitirmişəm və sonda da rejissorluğu bitirmişəm. Rejissorluğu öz istəyimlə oxudum. Niyə, çünki bu sənətin bir budağıdır. Mənim fortepiano müəlliməm Tamilla Rüstəmova olub. Filmlərdən onu yaxşı tanıyırsınız. "Ulduz" filmində Ulduz, "Böyük dayaq" filmində Maya rollarını ifa edib".
Sənətçi ilə ailə qurmaq məsələsinə toxunan Aybəniz Haşımova deyib ki, qızı Aynişanın musiqiçi olmasını istəmirmiş: "Çünki bu çox çətin sənətdir. Bu işin sahibi yalnız bu işlə məşğul olmalıdır. Mən konsertə getməzdən əvvəl bilmirdim uşağı kim saxlasın, kim yedizdirsin? İşləri qrafikə salmaqda çətinlik çəkirdim. Çalışırdım ki, evdə sənətə görə söz-söhbət olmasın. Bacım Şahnaz xanım mənə nümunə idi. Şahnaz xanım var-gücü ilə çalışırdı ki, onun həyat yoldaşı sənəti üzündən əsəb keçirməsin".