"Transneft" və ARDNŞ Azərbaycan neftinin nəqli ilə bağlı danışıqlara başlayıb

Rusiyanın "Transneft" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hökumətlərarası razılaşmanın fəaliyyətinin dayandırılmasından sonra neftin Rusiya ərazisi ilə nəqlinə dair kommersiya danışıqlarına başlayıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Transneft" şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib.

Onun sözlərinə görə, üç illik fasilədən sonra danışıqlar uğurla gedir. İ.Demin bildirib ki, hələlik neftin (tranzit) keyfiyyəti haqda məsələ danışıqlarda qaldırılmayıb: “Lakin aydındır ki, nəqlin həcminin az olması ilə əlaqədar Azərbaycanın yüngül neftinin keyfiyyətinin saxlanılması haqqında hələ ki, danışmaq olmaz”.

Şirkət nümayəndəsi əlavə edib ki, keyfiyyətin saxlanılması üçün neft hissələrlə nəql oluna bilər: “Bu isə nəqlin həddindən artıq bahalaşması deməkdir. Hazırda Bakı-Novorossisk neft boru kəməri sisteminin işinin təmin olunması üçün təxminən 5 mln. ton neft lazımdır”.

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və mayın 14-də KİV-də dərc olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri