2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 8 mlrd. 793,4 mln. manat, büdcə xərcləri isə 6 mlrd. 911,7 mln. manat təşkil edib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 mlrd. 976,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 mlrd. 957,8 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişləri 3,6 mln. manat, tranzit gəlirləri 12,9 mln. manat olub.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 582,4 mln. manat olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 4,3 mlrd. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 mln. manat vəsait ayrılıb. 11,2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.
Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 448,3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13 mln. manat təşkil edib.
2017-ci il oktyabrın 1-ə ARDNF-nin aktivləri 2017-ci ilin əvvəlinə (33,147 mlrd. dollar) nisbətən 8,67% artaraq 36,020 mlrd. dollara çatıb. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.