Prezident bərpa edilmiş retro vaqonlarla tanış olub



Metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.
 
Azərbaycan prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.
 
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına retro vaqonlar barədə məlumat verib.
 
Sonra prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gəlib.
 
Retro vaqonlarla tanış olan prezident İlham Əliyev 50 illik yubileyi münasibətilə Bakı Metropoliteninin kollektivini təbrik edib, yeni-yeni uğurlar arzulayıb.
 
Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları həmin xəttin üzərində yerləşirdi. Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların sayı 14-ə, xətlərin ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb.
 
Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.
 
Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə “Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb.
 
Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk iki sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı.



Prezident bərpa edilmiş retro vaqonlarla tanış olub

























Şərhlər
Sosial bölməsinin xəbərləri