Azərbaycanın strateji valyuta ehtiyatları 42 mlrd. dolları ötüb
- 21.11.2017, 14:37,
- Hadisə / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"2017-ci il iqtisadi quruculuq tariximizdə milli iqtisadiyyatın yeni neft qiymətlərinə əsasən uyğunlaşması, makroiqtisadi sabitliyin bərqərar olması və postneft dövrünə keçidin başlanması ilə yadda qalacaq".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən formalaşdırılan makroiqtisadi sabitlik siyasəti çərçivəsində mühüm siyasət istiqamətlərinin sıx koordinasiyası artıq 2017-ci ilin I rübündə ilk nəticələrin əldə olunmasına və sonrakı dövrdə bunun inkişaf etdirilməsinə şərait yaradıb: "Qarşıda duran vəzifə mürəkkəb idi. Neftin qiymətlərinin 3 dəfə aşağı düşməsi, ümumi məhsulun 50%-dən çox həcmində ixrac gəlirlərinin itirilməsi istənilən iqtisadi sistem üçün çox ciddi çağırışdır. Baş verən xarici şok milli iqtisadiyyatın sabitliyi, orta və uzunmüddətli dövrə dayanıqlığı üçün olduqca ciddi risklər yaratmışdı. Reallaşdırılan kompleks makroiqtisadi tədbirlər, ilk növbədə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi, çevik məzənnə rejiminə keçid ölkənin xarici tədiyyə balansının tarazlaşmasına şərait yaradıb. Tədiyyə balansında profisit cari ildə bərpa olunub, tədiyyə balansının cari əməliyyatlar hesabında 2016-cı ildə 1,4 milyard dollarlıq kəsir olmuşdusa, cari ilin 9 ayında 1,1 milyard dollarlıq profisit qeydə alınıb. Təbii ki, tədiyyə balansının yaxşılaşdırılmasında neftin artan qiyməti də rol oynayıb. Lakin tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə əlaqədar deyil. İllik idxalın həcmi pik ildəki ilə müqayisədə 2 dəfədən çox azalaraq 2017-ci ildə 6,5 milyard dollar səviyyəsində gözlənilir. İdxalın azalmasına paralel olaraq qeyri-neft ixracının güclənməsi tədiyyə balansına müsbət təsir edir. Qeyri-neft ixracı 9 ayda təxminən 31% artıb. Ticarət balansı ilə yanaşı, xidmət balansı üzrə də pozitiv meyllər müşahidə edilir. Turizm xidmətlərində isə artıq müsbət saldo yaranıb. Nəticədə cari ildə strateji ehtiyatlar təxminən 12%, o cümlədən Mərkəzi Bankın ehtiyatları 31% artaraq ölkənin strateji valyuta ehtiyatları 42 milyard dolları ötüb".
APA