Vergilər Nazirliyi Hüseyn Abdullayevin beynəlxalq axtarışa verilməsinin səbəblərini açıqlayıb

“Araz İNC” MMC-də küllü miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunması faktları üzrə başlanmış cinayət işi üzrə istintaq davam edir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 olan, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Araz İNC” MMC-də aparılan vergi yoxlaması zamanı müəyyən edilib ki, cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə 2,12 hektar torpaq sahəsində inşa edilən 1 bloklu 13 yaşayış, 2 qeyri-yaşayış, 1 texniki və 2 zirzəmi mərtəbəsindən ibarət olan binanın 5242,30 kvadratmetr yaşayış və 1043 kvadrat metr qeyri-yaşayış sahəsi 2009-cu il fevralın 1-dən tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində müxtəlif şəxslərə satılaraq 8 224 450,00 manat vəsait əldə olunsa da, həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməyib, habelə “Araz İNC” MMC tərəfindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri həyata keçirilib.

İbtidai istintaq zamanı “Araz İNC” MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Abdullayev Hüseyn Abbas oğlunun həyata keçirdiyi aşkar edilib.

Qeyd edək ki, 2009-cu il fevralın 1-dən tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində cəmiyyət tərəfindən 1 269 533,88 manat məbləğində əlavə dəyər vergisi və 244 546,61 manat məbləğində hüquqi şəxsin mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 1 514 080,49 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

Hüseyn Abbas oğlu Abdullayev “Araz İNC” MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966 023,16 manat məbləğində gəlir əldə edib, CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və küllü miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri