Minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn ildən artacaq

 

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək.
 
Bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
 
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara əsasən mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır.
 
Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.
 
Qeyd edək ki, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri