Azərbaycandan 733 əcnəbi çıxarılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 1-dən 5-dək Bakı şəhərində və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 782 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan qanunvericiliyinin pozulması faktı aşkarlanıb.

Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Onlardan 41 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Bundan başqa 689 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 44 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin 8 nəfər əcnəbinin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Həftə ərzində DMX -nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1782 müraciət daxil olub.

Ötən həftə ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 12873 nəfər əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 15 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 10 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkarlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri