Yasamal Yaşayış Kompleksindəki binaların həyətinə şəxsi avtomobillərin girişi qadağan olunacaq

Mənzil İnşaatı dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisindəki binaların həyətinə şəxsi nəqliyyat vasitələrinin girişi qadağan olunacaq.
 
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
 
M. Ağayevin sözlərinə görə, BNA Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təkliflər hazırlayır ki, bu təkliflərin də əsas hədəfi piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz eyni zamanda təhlükəsiz hərəkətini təmin etməkdir. Layihə hazırlanarkən bütün hərəkət iştirakçılarının, o cümlədən yaşlılar, əlillər, uşaqların, eləcə də nəqliyyat vasitələrinin tələbə və xüsusiyyətləri nəzərə alınıb.
 
“Layihədə əksini tapan təkliflərə əsasən şəhərcikdaxili salınan küçələr funksional zonalara bölünəcək ki, bu da paytaxtımız üçün yenilik hesab edilir. Belə ki, Yasamal Yaşayış Kompleksi nəqliyyat vasitələrin hərəkət hissəsi üzrə ayrıca adacıqlar və bütün binaların qarşısında müvafiq parklanma zonaları olacaq. Təklifə əsasən binaların həyətinə şəxsi avtomobillərin girişi qadağandır. Bura yalnız texniki və operativ nəqliyyat vasitələrinin girişinə icazə veriləcək”, - deyə M.Ağayev vurğulayıb.
 
Qurum rəsmisinin əlavə edib ki, şəhərciyin bütün yol kəsişmələrində panduslar və velosiped yollarının olması nəzərdə tutulub: “Velosipedlə yanaşı, velosiped dayanacağı da şəhərcik ərazisində quraşdırılacaq. Ümumilikdə hazırladığımız layihəyə əsasən şəhərcik ərazisində salınacaq velosiped yolu 1,5 metr enində,  5200 metr uzunluğunda olacaq. Piyada keçidlərinin sayı isə 28 ədəd, 5 avtobus dayanacaq məntəqəsi olacaq. İlkin olaraq 4 marşrut xəttinin şəhərcik ərazisindən keçməsi nəzərdə tutulub. 2 marşrut xəttinin son dayanacağı, 2-nin isə aralıq dayanacaq məntəqəsi şəhərcik ərazisində olacaq".



APA
Şərhlər
Sosial bölməsinin xəbərləri