“Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdi”.
Bu sözləri APA-ya açıqlamasında “Keşlə”dən uzaqlaşdırılan Nizami Hacıyev deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi” ilə qarşılaşmadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov dünən sərbəst buraxılıblar.
Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib: “Bilmirəm hansı oyunlar, kimin oyunları gedir. Bunu bilsəydim, nə dərdim olardı? Bu məsələlər barədə danışmaq üçün hələ tezdi”.
AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan “Keşlə”nin sabiq kapitanı buna layiq olmadığını söyləyib: “Əsas harasa aparılmaq deyil, ömürlük futboldan getməkdi. Mən bu cəzaya layiq deyildim”.
///
AFFA iki futbolçunu futboldan ömürlük uzaqlaşdırıb
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Toplantıda sərt qərar verilib.
Belə ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.
Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.
///
“Keşlə” klubu saxlanılan futbolçularla bağlı bəyanat yayıb
“Keşlə”nin futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması ilə bağlı klub rəsmi bəyanat yayıb. Adıçəkilən futbolçular danışılmış oyunlarda şübhəli bilindikləri üçün paytaxt təmsilçisi onlarla müqaviləyə bir neçə gün əvvəl xitam verib.
Bəyanatda bildirilir ki, əsas komandanın futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 matçda danışılmış oyunlarda iştirakına şübhələr yaranıb.
Bu səbəbdən 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib.