Azərbaycanda terror planlaşdıran dəstə başçısının qardaşı: “Özüm də bilmədən Vüqar Padarova köməklik etmişəm”

“Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror aktı həyata keçirməyi və prezidentə sui-qəsd etməyi planlaşdıran 29 nəfərdən ibarət dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi günün ikinci yarısı davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Həmin cinayət işi üzrə təqsirləndirilən Mehdi Padarov özünü qismən təqsirli bilib. O, Gəncədə keçirilən əməliyyat zamanı öldürülən silahlı qruplaşmanın başçısı Vüqar Padarovun qardaşı olduğunu və özü də bilmədən ona köməklik etdiyini etiraf edib.

İş üzrə təqsirləndirilən 29 nəfərdən bir neçəsi günahsız olduqlarını bildirsələr də, əksəriyyəti özlərini qismən təqsirli biliblər.
Proses iyulun 16-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. MTN-in İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirilir ki, həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirilib. Xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq, beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi olub. Eyni zamanda, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılıb. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulublar.

MTN-nin yandığı məlumatda həmçinin qeyd olunur ki, Vüqar Padarov və onun rəhbərlik etdiyi silahlı dəstənin üzvləri ötən ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi planlaşdırıblar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri