Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 360 nəfər və ya 0,7% artaraq 2017-ci il noyabr ayının 1-i vəziyyətinə 9 883 341 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin 53%-i şəhər, 47%-i kənd sakinləridir, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

 

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.

 

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 47695 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

 

Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

 

Bu ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri