İş adamının qətldə təqsirləndirilən oğlu barəsində hökmdən verilən apellyasiya protesti təmin edilməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Türkel Əsədullazadənin barəsində olan hökmdən Baş Prokurorluğunun verdiyi apellyasiya protesti və təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, T. Əsədullazadə barəsində olan hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən il iyunun 5-də saat 15.00 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən “Badü-Kubə” Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq Məmmədov Samid Abış oğlunu qətlə yetirib, MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə yaralayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Asif Əsədullazadə ilə Ədalət Qəmbərov arasında 2003-cü ildən bəri mülk davası olub. Hadisə də məhz bu səbəbdən baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı çıxış edən dövlət ittihamçısı T. Əsədullazadənin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Lakin məhkəmə T. Əsədullazadənin barəsində 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bundan narazı qalan prokurorluq isə cəzanın ağırlaşdırılması üçün apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. T. Əsədullazadə isə barəsində olan cəzanı yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri