Nazir: “Memarlar elə etməlidir ki, qədim tariximiz müasirliyin qarşısında simasını itirməsin”

“Memarlar İttifaqı geniş ictimai rəyin formalaşmasında öz sözünü deməlidir. Gəncliyin memarlıq abidələrinə, tarixi və yeni binalara doğma münasibətinin aşılanması istiqamətində xüsusi iş aparılmalıdır”.

 

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Memarlar İttifaqının qurultayında deyib. Nazir bildirib ki, yeni binaların inşası, küçələrin salınması memarların iştirakı ilə həyata keçirilməlidir:  "Bu gün dünyada Azərbaycan və onun müasir memarlığı haqqında danışanda Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Muğam Mərkəzi, Xalça Muzeyindən bəhs edirlər. Biz yeniləşən şəhərləri görəndə düşünməliyik: hansı üsullardan istifadə etməliyik ki, qədim tariximiz müasirliyin qarşısında simasını itirməsin. Bunu memarlardan yaxşı kimsə edə bilməz. Biz  incəsənətimizə hörmətlə yanaşırıqsa, tarixi mirasımıza da bərabər münasibət formalaşmalıdır. Memarlar İttifaqı bu sahədə öz işini genişləndirməlidir”.

 

Nazir əlavə edib ki, hazırda Şəki şəhərinin UNESCO-nun müvafiq siyahısına qəbul edilməsi üçün iş aparılır: “Biz bu sahədə bütün imkanlardan maksimum istifadə etməliyik. Digər tarixi abidələrimizin də bu siyahıya daxil edilməsi üçün iş aparılmalıdır”.


APA
Şərhlər
Sosial bölməsinin xəbərləri