"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.
LİVE.Az bildirir ki, böyük bir konsertə hazırlaşan müğənni dekabrın 26-da Qazaxıstanın Aktau şəhərində sevənləri qarşısına çıxacağını açıqladı:
"Dekabrın 26-sı Qazaxıstanın Aktau şəhərində böyük bir konsertimiz var. Qazaxıstan tərəfi bizi dəvət edib. Orda bizi Aktau şəhərinin konsulu, Aktau şəhərinin meri, Azərbaycan diasporu dəstəkləyir. Qazaxıstanın Azərbaycandakı səfiri, Səfərlik bizi dəstəkləyir. Qazaxıstan tərəfi məni və mənim ansamblımı dəvətnamə ilə dəvət edib. Bu konsertin ardınca olacaq Atrau, Almatı, Astana konsertləri isə gələn ilə qaldı".
Roza qollarını çırmalayıb bu konsertə qədər ciddi hazırlaşır ki, az qala başını qaşımaq üçün qonşudan kimisə çağırsın:
"Çəkilişlərin çoxundan imtina edirəm. O demək deyil ki, ulduz xəstəliyinə tutulmuşam. Hər gün saat 12-dən axşam saat 6-ya kimi məşqlər gedir. Gecə də 12-dən sonra 3-ə qədər bu mövzuda söhbətlərimiz olur, məşqlər davam edir. Hər konsertə Azərbaycanın bir tanınmış ifaçısını dəvət etmişəm. Birinci konsertə ulduz qonaq olaraq Yaşar Yusub dəvət alıb".
Dostlarına hər zaman önəm verən sənətçi elə barmaqla sayılası dostlarını da verəcəyi konsertə ulduz qonaq olaraq dəvət edib:
"Mənim sənətdə barmaqla sayılası qədər dostlarım var ki, hər zaman hörmətimi saxlayıblar. Mən də onların hər zaman hörmətlərini saxlayıram. Bir-birimizə ürəyimizdən nə keçirsə, deyə bilərik və incimərik də. Yaşar mənim əsl dostumdur. Növbəti konsertimizə Elnuru dəvət edəcəyik. O da mənim əsl dostumdur. Bu konsertimdə bir ulduz qonağım da var, Mehman Tağıyev".
Müğənni Röya Ayxanla aralarında olan heç kimin bilmədiyi söhbəti eksklüziv olaraq "Şou məkan" üçün səsləndirdi:
"İkimiz də gənc, elə də tanınmayan ifaçılar idik. Nələrsə arzu edirdik. Röya deyirdi ki, mən albomumu Türkiyədə çap etdirəcəm, mən isə deyirdim ki, Rusiyada çap etdirəcəm. Bunları radioda, canlı yayımda danışırdıq. O vaxt Röya çox yaxşı bir söz dedi: Bilirsən, sənlə mən niyə xoşbəxtik? Dedim, niyə? Bəlkə də, Röya bunu unudub, ancaq mənim yaddaşım güclüdür. Röya cavab verdi ki, biz kiminsə yerinə gəlməmişik. Bizim öz yolumuz var".
Nigar Camal, Röya və İradə İbrahimova qalmaqalına münasibət bildirən sənətçi yer, mövqe üstündə dava etməyin mənasız olduğunu vurğuladı:
"Hərənin öz yeri var. Bu yerin üstündə niyə dava edirsiz? İş görün də. Röya getdi, Türkiyədə ölkəni təmsil etdi. Afərin! Azərbaycanın adınadır da bu uğur. Röyanın görkəmi ilə bağlı söz-söhbətlər ortaya çıxardılar. Buna reaksiya vermək lazım deyil.
Biz nə vaxta kimi ki bir-birimizə dəyər verməyəcəyik, bir-birimizin paxıllığını çəkəcəyik, heç bir yerə irəliləyə bilməyəcəyik".
Nigar Camalın yaşca kiçik olduğunu xüsusi vurğulayan müğənni, Röya Ayxan ətrafında cərəyan edib böyüyən qalmaqalı gün üzünə çıxarmamağı tövsiyə etdi:
"Nigar daha kiçikdir. Nigar sənət camiyasında balacadır, körpədir. Düzdür, Azərbaycanı layiqincə təmsil edib. Eldar və Nigar gözəl çıxış etdilər. Düzdür, biz onları tanımırdıq. Ancaq biz də sevinirdik. Bu məsələni davam etdirmək, uzatmaq lazım deyil. Hamı elə bil, bu söz-söhbətlərin içərisində bir reklam axtarır. Kiməsə "xala", "əmi" sözlərini ünvanlamaq lazım deyil. İradə və Röya eyni dövrün sənətçiləridir. Onlara bu qalmaqal yaraşmaz. Üstəlik hər ikisi də məğrurdur. İstəsələr, real həyatda bir-birilərinə hər şey deyərlər. Bunu gün üzünə çıxarmaq lazım deyil də".