Qubada alpinistlərin axtarışı üzrə əməliyyat tədbirləri davam edir [Video][Foto]


Əməliyyat Qərargahı: İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

 

LIVE.az APA-ya istinadən verdiyi xəbərə görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında bildirilir ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.

 

Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) də axtarışlara qoşulub.

 

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.

 

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

 

Axtarış barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

///

10/01/18

Qubada alpinistlərin axtarışı üzrə əməliyyat tədbirləri

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam edir.


Trend alpinistlərin axtarışı üzrə əməliyyat tədbirlərini əks etdirən fotoları təqdim edir:























///

17:32 09/01/18

Avstriya DİN-in dağ-xilasetmə polisi: "Alpinistlərin üzərində xüsusi cihazlar olsaydı, onları tapmaq asan olardı"

"Axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən üç alpinistin tapılması üçün əllərindən gələni edirlər. Lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir".

 

APA-nın xəbərinə görə, bunu itkin düşmüş 3 nəfər alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib.

 

"Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı", - deyə A. Herrer vurğulayıb.

///

17:31 09/01/18

Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib

Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib.

 

APA-nın məlumatına görə, müşavirədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və qərargahın rəhbərliyi iştirak edib.

 

Müşavirəyə avstriyalı alpinist Adolf Harrer də qatılıb.

 

Qeyd edək ki, bu gün bir qrup jurnalist hadisə rayonuna aparılıb.

 

Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı davam etdirilir.



///

11:25 09/01/18


Alpinistlərin axtarışı davam edir, ehtimal olunan digər ərazilər də yoxlanılıb


Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları bu gün davam edib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edib.

Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

///

19:00 06/01/18

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı


Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı.

Trend-in məlumatına görə, bu barədə Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, 23 dekabr 2017-ci il tarixdə “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, N.Bunyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində “Tufandağ” zirvəsinə qalxmaq məqsədilə Quba rayonunun Xınalıq kəndindən “Şahdağ” Milli parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.


///

22:48 05/01/18

Xarici mütəxəssislər alpinistlərin itkin düşdüyü ərazidə olublar

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 5-də davam edib.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri cəlb olunub.
 
Eyni zamanda, Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olublar. Qarşılıqlı fəaliyyət çərçivəsində ölkəmizə gələn xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və vərdişlərinin, həmçinin peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçirməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Bu gün Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınıb ki, builki məşqlər Quba rayonu ərazisində real şəraitdə aparılsın. Bundan başqa, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulub.
 
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Bu gün havanın günəşli olmasına baxmayaraq, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma təhlükəsi artıb. Qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.
 
Fövqəladə Hallar Nazirliyi Nazirliyin fəaliyyəti, xüsusilə də baş vermiş hadisələrlə bağlı ancaq rəsmi, dəqiqləşdirilmiş məlumatlardan istifadə etməyi tövsiyyə edir.
 
Qeyd edək ki, əməliyyatın gedişatı barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.


///

04/01/18

“Gilavar” Klubu: Alpinistlər icazəsiz getməyib
Dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi doğru deyil.

LİVE.Az xəbər verir ki, bu barədə “Gilavar” Hava-Ekstremal İdman Klubunun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, alpinistlərin müəyyən olunmuş xətdən kənara çıxması yalnız həyati təhlükə olsa, mümkündür:

 “Bu, mümkün olacaq şey deyil, çünki bu ekspedisiya üçün dörd mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, onlar dağda başqa marşrutdan məcburi istifadə edə bilərlər”.

///



///

16:40 03/01/17

İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat müşavirəsi keçirilib

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 3-də Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak edib.

Müşavirədə alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib və müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1,4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır.

FHN tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edirlər. Meteoroloji şəraitdən asılı olaraq Fövqəladə Hallar Nazirliyinin helikopteri əməliyyata cəlb olunur.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilib.


///

İtkin düşən alpinistlərin axtarışına Qəbələ istiqamətindən də başlanıldı


Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları dayandırılmayıb.

Live.az
məlumatına görə, bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, axtarışlar fasiləsiz aparılır: "Bir neçə istiqamətdə axtarışlar davam etdirilir. Hazırda bizim axtarış qrupumuz Qəbələ rayonu ərazisində axtarışlara başlayıb. Axtarışlar bir neçə qrup tərəfindən aparılır. İnanırıq ki, alpinistlərimizi sağ-salamat tapacağıq. Bir neçə gün əvvəl izlər aşkarlamışdıq. Lakin həmin izlərin bizim alpinistlərə məxsus olub-olmadığını hələ dəqiq deyə bilmərik".

Z.Qasımov itkin düşən alpinistlərin icazəsiz səfərə çıxması məsələsinə də münasibət bildirib. Klub rəhbəri deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Alpinistlər icazəli və plan üzrə səfərə çıxmasaydılar, onlar Xınalıqdakı Sərhəd Qoşunlarının postundan keçə bilməzdilər. Onların icazəsi var idi ki, postdan keçə biliblər".

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.


///


17:10 02/01/18

““Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. Lakin bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış – xilasetmə işləri bir neçə saatlıq dayandırılıb. Çünki ərazidə çovğundur, qarın qalınlığı 30 – 40 santimetrə çatır. Hava şəraiti düzələn kimi axtarış işləri davam edəcək”.

 

Live.az məlumatına görə, bunu APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

 

“2-3 metr məsafəni görmək mümkün deyil. Əslində bu gün helikopterlə əraziyə əlavə qüvvələr cəlb etmək istəyirdik. Əlverişsiz hava səbəbindən heç helikopter də qalxa bilmədi. Hava şəraiti çox pisdir, göz gözü görmür. Elə anlaşılmasın ki, axtarış – xilasetmə işləri birdəfəlik dayandırılıb. Hava şəraiti düzələn kimi axtarış – xilasetmə işləri dərhal bərpa olunacaq”, - deyə qərargah rəisi vurğulayıb.

 

Ş.Mirzəyev qeyd edib ki, bütün proses ölkə rəhbərliyinin şəxsi nəzarəti altındadır. O bildirib ki, axtarış işlərində FHN qüvvələri ilə birgə ANAMA, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülər iştirak edir: “Axtarış işlərində Dövlət Sərhəd Xidmətinin pilotsuz uçuş aparatları və ANAMA-nın minaaxtaran avadanlıqlarından belə istifadə edilib. Lakin bir nəticə əldə edilməyib. Biz qar uçqunu olan sahələri 15 – 20 metr dərinliyində qazırıq. Təsəvvür edin o qədər güclü çovğun olur ki, külək qazılan əraziləri doldurur. İtkin düşmüş 3 nəfər üzvü olduqları kluba plan və koordinatlarını verməli idilər. Nə klub, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların planları barədə məlumatlıdır. Biz dəqiq məlumata sahib deyilik, ancaq öz ehtimallarımıza əsasən hərəkət edirik. Güman edilən yerləri axtarırıq. Hər yarım saatdan bir rəhbərliklə əlaqə saxlanılaraq axtarış – xilasetmə işləri ilə bağlı son durum məruzə olunur”.

 

Ş. Mirzəyev bəzi könüllülərin axtarış – xilasetmə işləri ilə bağlı iradlarına da münasibət bildirib: “Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könlüllülər lazımdır”.

 

Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

 

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

 

Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.






///

14:11 30/12/17
 
Alpinistlərin axtarışlarına ANAMA mütəxəssisləri də qoşulub

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

 

Bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin mütəxəssisləri də (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) axtarışlara qoşulub.

 

Əlavə məlumat veriləcək.






///

09:31 30/18/17


“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir”.

 

Bunu APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

 

O bildirib ki, itkin düşən Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin dekabrın 26-da geri qayıtmaları nəzərdə tutulub: “Onlar dekabrın 24-ü axşam saat 17-18 radələrində alpinist yoldaşları ilə əlaqə yaradıblar. Bildiriblər ki, orada hava şəraiti pisdir, çadır qurublar, gecəni çadırda keçirəcəklər. Elə həmin andan alpinistlərlə əlaqə kəsilib. Biz dekabrın 27-i səhər saatlarından axtarış işlərinə başlamışıq və axtarış işləri davam edir”.

 

FHN rəsmisinin sözlərinə görə, ərazidə hava şəraiti çox soyuqdur: “Havanın temperaturu mənfi 10-15 dərəcədir, ərazi çox böyükdür. Axtarış Tufandağın ətəyində, ən yüksək hündürlüklərdə həm helikopter vasitəsilə, həm də şəxsi heyətin iştirakı ilə aparılır. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub. Şəxsi heyət 4 qrupa bölünüb. Hətta qar uçqunu olan ərazilərə də baxırıq, axtarış aparırıq. Uçqun sahəsi 2 metr yarıma qədər qazılıb. Lakin hələlik nəticə yoxdur. Qarın qalınlığı 5-6 metrdir. Yenə bildirirəm ki, güman gələn bütün istiqamətlər yoxlanılıb. Bu günlük axtarış işləri başa çatıb”.

 

Ş. Mirzəyev qeyd edib ki, bu gün itkin düşmüş alpinistlərə aid olduğu ehtimal edilən ayaq izləri aşkarlanıb: “Bizim əməkdaşlar məlumat verdilər ki, Mahmuddərədən Tufandağa qalxanda, sağ tərəfdə ayaq izləri aşkarlanıb. Ayaq izlərinin ölçülərindən biri kiçikdir, xanıma aid olduğu ehtimal edilir. Lakin izlər 15 metrdən sonra itir. Onlar dekabrın 24-ü Tufandağın ətəyində sonuncu dəfə mobil şəbəkəyə qoşulublar. Sadəcə, arada vaxt itkisi olub. Hadisə olur, aradan uzun müddət ötəndən sonra insanlar bizə müraciət edirlər. İnsanlar hadisə barədə dərhal aidiyyəti qurumları məlumatlandırsalar, daha yaxşı olar. Sabah səhər saatlarında yenidən axtarış işlərinə başlanılacaq”.

 

“Gilavar” hava və ekstrim idman klubu İctimai Birliyinin direktoru Ziya Qasımov isə APA-ya bildirib ki, klub üzvlərinin üzərində hər hansı radiostansiya olmayıb: “Onların üzərində yalnız mobil telefonlar olub. Dekabrın 24-ü axşam saatlarında axırıncı mesajı mənə yazıblar. İki gün gözlədik. Bizimlə əlaqəyə çıxmadıqlarına görə dekabrın 26-da axşam Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik”.

 

Direktor qeyd edib ki, Çingiz, Tufan, Turfandağ silsilələrin hamısı, qar uçqunları, qayalar, buz çatları axtarılır, bütün ehtimal olunan variantlar araşdırılır: “Helikopterlər bütün zirvələrin üzərində, hətta Şahdağ və Lazanın da üzərində dolaşıb”.

 

Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

 

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

 

Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.




///


17:31 28/12/17


Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.

LİFE xəbər verir ki, bu barədə qafqazinfo-ya "Gilavar" klubunun rəhbəri Ziya Qasımov məlumat verib. O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: "Müəyyən izlərə rast gəlinib. Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək".


///



///

 

09:36 28/12/17

İtkin düşmüş alpinistlərin axtarışı ilə əlaqədar FHN-nin Şimal Regional Mərkəzində Qərargah yaradılıb

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, həmin şəxslərin Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.

 

Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədi ilə sabah əlavə qüvvələrin, o cümlədən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur.

 

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

 

Əlavə məlumat veriləcək.

///

12:36 2017-12-27

Xəbər verdiyimiz kimi, ötən həftənin sonunda Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edər 3 alpinistimiz yoxa çıxıb. “Qafqazinfo”  xəbər verir ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.


“Qafqazinfo” həmin alpinistlər barədə araşdırma aparıb. Məlum olub ki, bu ilin fevral ayında alpinist Namin Bünyatov  iki nəfər həmkarı ilə  bərabər “Elbrus” zirvəsini fəth edib.



Fəridə Cəbrayılzadə isə həm də fotoqrafdır. O , ötən il “Atlas Travel” təşkil etdiyi “Qış nağılı”  fotomüsabiqəsində birinci yerə çıxıb.


Babur Hüseynov 1990-ci il təvəllüdlüdür. O, Astara rayonunda anadan olub. Bu ilin 4-8 sentyabr arası Gürcüstanda Kazbek dağında (5047) olub. Bir çox hikinglərə rəhbərlik edib. Ötən il dekabr ayında Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042m)  dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq  onlar zirvəyə çıxmağı bacarıblar.


FHN sosial şəbəkə istifadəçiləri və KİV-ə müraciət edib


Əməliyyat Qərargahı Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif çağırışlar səslənir.

 

Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir.

 

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur.

 

Axtarış-xilasetmə işləri barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

///



Qubada itkin düşən alpinistlərdən biri DİN-in mətbuat xidmətinin əməkdaşıdır


Qubada itkin düşən “Gilavar” - hava və ekstrim idman klubunun üzvlərindən biri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşıdır.

 

APA-nın məlumatına görə, polis leytenantı Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, bir neçə günlüyünə işdən icazə alaraq, səfərə gedib. Bu gün onun daha iki alpinistlə birgə Qubada itkin düşməsi barədə məlumat yayılıb.

 

Hər üç alpinistin axtarışları davam etdirilir.

 

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. M FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri