Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu II Fəxri Xiyabanda dəfn edilib

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev xalq yazıçısının vəfatını Azərbaycan ədəbi və elmi ictimaiyyəti üçün ağır itki kimi qiymətləndirib: “Gülhüseyn Hüseynoğlu ustad yazıçı, prinsipial vətəndaş idi. Yazıçı elmi fəaliyyətinin əsas hissəsini Mikayıl Müşfiqin yaradıcılığına həsr etmişdi. 90 il yaşamaq hər insana nəsib olmur. Xüsusən gəncliyində əziyyətlər çəkən bir insan üçün. Müqəddəs orucluq ayının ilk günündə torpağa tapşırılan ustada Allahdan rəhmət diləyirəm”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, Gülhüseyn Hüseynoğlunun dünyasını dəyişməsi təkcə ədəbiyyatın yox, həm də mənəviyyatımızın itkisidir: “O, ilk gənclik illərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış və bunun cəzasını çəkmişdi. Gülhüseyn müəllim sürgündən qayıdandan sonra, ədəbi və elmi fəaliyyətə başladı. Gülhüseyn Hüseynoğlu müəllim adını pak, təmiz saxlamışdı. Mən ona çox böyük rəğbət bəsləyirdim. Bir arzum var idi ki, Sibirdə başına gələnləri yazsın. Amma ömür vəfa eləmədi. Allah ona qəni-qəni rəhmət eləsin!”

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib ki, Gülhüseyn müəllimin həyatının 60 ili Bakı Dövlət Universiteti ilə bağlı olub: “Bu gün əziz müəllimimizlə vidalaşırıq. O, Azərbaycan ziyalılıq tarixində həmişə yaşayacaq. Bakı Dövlət Universitetində onun adı qızıl hərflərlə yazılacaq. Gülhüseyn Hüseynoğlu çox maraqlı, saf, millət üçün yaşayan insan idi”.

Xalq şairi Nəriman Həsənzadə, Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla, millət vəkili Rafael Hüseynov Gülhüseyn Hüseynoğlu ilə bağlı xatirələrini, ürək sözlərini bölüşüblər.

Mərhumun oğlu Toğrul Abdullayev ailəsi adından vida mərasiminə qatılanlara minnətdarlığını bildirib, atası haqqında qısa nitq söyləyib: “Mənim atam həmişə ayaq üstə olub. Xəstəxanaya aparanda bununla barışmadı. Atam həyata kişi kimi gəldi, kişi kimi yaşadı və kişi kimi də həyatdan getdi. Haqqınızı atama halal edin!”

Xalq yazıçısı II Fəxri Xiyabanda dəfn edilib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri