Bakı dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olub

Bu gün Bakı şəhəri və Abşeron yarımadası dünyada əhalinin ən sıx məskunlaşdığı ərazilərdən birinə çevrilib.

Live.az-ın məlumatına görə, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, bu gün Abşeron yarımadası Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazidir. Hazırda Abşeron yarımadasında əhalinin sıxlığı hər kvadrat km-ə 850-1000 nəfərə çatır:

“Bu, o deməkdir ki, Abşeron yarımadası dünyanın ən sıx məskunlaşdığı ərazilərdən biridir. Bu gün yalnız Bakı şəhərində deyil, onun ətraf ərazilərində də insanlar sıx məskunlaşıb. Bakı şəhəri artıq böyük aqlomerasiyadır. Bakı ətrafındakı qəsəbələrlə birlikdə böyük aqlomerasiya yaradıb".

Əhalinin Bakı şəhəri və Abşeron yarımadasında daha çox məskunlaşmasının yaratdığı problemlərdən danışan N.Paşayev qeyd edib ki, Abşeron yarımadasında məskunlaşma xüsusi planlaşma əsasında aparılmayıb. Burada çoxlu nizamsız evlərin tikilməsi nəticəsində ərazidə su, işıq təminatı pisləşir:

"Elə yerlər var ki, orada əhali birbaşa palçıq vulkanının, sürüşmə sahəsinin ətrafında məskunlaşıb. Bakı şəhərinin özündə də dövlətin aidiyyatı qurumları əhaliyə torpaq paylayarkən böyük səhvlər buraxıb. Onlar əhaliyə torpaq paylayanda gərək nəzərə alaydılar ki, harada palçıq vulkanı, sürüşmə, subasma, uçqun sahəsi var. Buraxılan bu səhvlər isə bu gün əhali üçün problemlər yaradır”.

2015-ci ildə ölkə prezidentinin Bakı və Abşeron yarımadasında palçıq vulkanları ərazisində dövlət təbiət qoruqlarının yaradılması barədə sərəncam verdiyini xatırladan N.Paşayev əlavə edib ki, məqsəd həm həmin əraziləri qorumaq, həm də əhalinin həmin ərazilərdə məskunlaşmasının qarşısını almaq olub:

“Azərbaycanda, xüsusilə Bakıda 500 mindən çox ev hələ qeydiyyata alınmayıb. Bu evlər plansız tikilib. Onların bir hissəsi palçıq vulkanları olan ərazilərə düşür. Ona görə bu məsələlər aydınlaşdırılmalı, yaşayış məntəqələri salındıqa insanların təbii fəlakətdən uzaq olması kimi məsələlər nəzərə alınmalıdır. Nəzərə alın ki, bir palçıq vulkanı püskürdükdə 50 metr dairədə, yəni böyük ərazidə problem yarada bilir. Biz bu gün palçıq vulkanlarının xeyrindən istifadə etməli, ondan turizm potensialını artırmaq üçün istifadə etməliyik".
Şərhlər
Sosial bölməsinin xəbərləri