Qəbələdə “Kvartal-95” yumor qrupunun konserti keçirilib
- 08.01.2018, 14:11,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qəbələ şəhərində keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində “Kvartal-95” yumor qrupunun konserti olub.
Heydər Əliyev Konqres Mərkəzində Ukraynanın tanınmış yumor aktyoru Vladimir Zelenskinin rəhbərliyi ilə təqdim edilən möhtəşəm konsertdə Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn 1000-ə yaxın turist, eləcə də yerli yumorsevərlər iştirak edib.
Gülüş ustaları zarafat dolu maraqlı söhbətləri ilə yerli və xarici tamaşaçıları güldürərək əyləndiriblər. Konsert iki saat davam edib.
Sonra V. Zelenski Azərbaycan barədə xoş təəssüratlarını tamaşaçılarla bölüşüb, Qəbələni çox sevdiyini bildirib. O, hər il Qəbələyə gələrək burada tədbirlər keçirmək istədiyini qeyd edib. V. Zelenski Qəbələdən Bakıya qayıdaraq orada “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə yeni konsert təşkil etmək istədiyini bildirib. O, Azərbaycanda komediya janrında film çəkmək istədiyini də dilə gətirib.
Qeyd edək ki, 6 nəfərdən ibarət “Kvartal-95” yumor qrupu 2003-cü ildən fəaliyyət göstərir. XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
Əlavə edək ki, Qəbələyə ailəvi gələn xarici turistlər festival çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində təşkil olunan “Milad” bayramı ilə bağlı mərasimdə iştirak ediblər.
APA