Ermənistana MİLAN tank əleyhinə raket komplekslərinin satılması ilə əlaqədar Azərbaycan Almaniya və Fransaya etiraz bildirib

Ermənistana MİLAN tank əleyhinə raket komplekslərinin satılması ilə bağlı Azərbaycan tərəfi Almaniya və Fransaya etiraz bildirib.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Adıçəkilən ölkələrin Azərbaycandakı səfirliklərindən məsələnin aydınlaşdırılması və münaqişə tərəflərinə silah satışına embarqo tətbiq edən hər iki dövlətdən bu komplekslərin Ermənistana hansı yolla daxil olmasına aydınlıq gətirilməsi tələb olunub.

Qeyd edək ki, iyulun 1-də APA ermənilərə məxsus «Razm.info» hərbi saytının yaydığı fotolara istinad edərək Ermənistan Ordusunun MILAN tank əleyhinə idarə olunan raket kompleksi əldə etdiyinə dair məlumat yayıb.

MILAN (Missile d´Infanterie Léger Antichar) yüngül çəkili tank əleyhinə raketlər Fransa-Almaniya birgə istehsalıdır. Dünyada ən geniş yayılan tank əleyhinə raketlərdən olan MİLAN 1962-ci ildən istehsal olunur və raketin effektiv mənzili 75-2000 metr arasıdır.

Qeyd edək ki, Fransa və Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Azərbaycana və Ermənistana silah və hərbi texnika satmadıqlarını və silah satışına embarqo qoyduqlarını bəyan edir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri