Ötən ilin 11 ayında xarici ticarət dövriyyəsi 22 mlrd. dollar təşkil edib

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub.

 

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 mlrd. 809,4 mln. dollar, o cümlədən ixracın dəyəri 14 mlrd. 018,7 milyon dollar, idxalın dəyəri 7 mlrd. 790,7 mln. dollar təşkil edib, nəticədə 6 mlrd. 228,0 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6% artıb, real ifadədə isə 10,9%, o cümlədən ixrac 6,5%, idxal 17,6% azalıb.

 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4%-ni İtaliyaya, 10,5%-ni Türkiyəyə, 4,5%-ni  İsrailə, 4,2%-ni Rusiyaya, 3,9%-ni Kanadaya, 3,8%-ni Çexiyaya, 3,6%-ni Almaniyaya, 3,5%-ni Çinə, 3,4%-ni Gürcüstana, 3,2%-ni İndoneziyaya, 3,0%-ni Portuqaliyaya,  2,9%-ni Hindistana,  2,7%-ni Fransaya, 2,4%-ni  Ukraynaya, qalan 17,0%-ni  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5%-i Rusiya, 14,7%-i Türkiyə, 9,8%-i Çin, 8,7%-i ABŞ, 5,2%-i Ukrayna, 4,9%-i Almaniya, 3,6%-i İtaliya, hər biri 2,7% olmaqla İran və Birləşmiş Krallıq, 2,2%-i Braziliya, 1,9%-i Yaponiya,  hər biri 1,7% olmaqla Norveç və Fransa, 22,7%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb. 2017-ci ilin yanvar-noyabr aylarında 1 mlrd. 386,7 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1%, real ifadədə isə 21,8% çoxdur.

 

2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0%, təzə tərəvəz – 83,8%, kartof – 50,7%, tütün – 2,0 dəfə, çay – 52,1%, bitki yağları – 0,1%, meyvə və tərəvəz şirələri – 64,6%, təbii üzüm şərabları və üzüm suslosu – 97,6%, meyvə və tərəvəz konservləri – 5,1%, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,2 dəfə artmış, şəkər ixracı isə 42,1%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,1%, polietilen – 13,5%, emal olunmamış alüminium – 27,1%, qara metallardan borular – 3,6%, qara metallardan yarımfabrikatlar – 44,0%, pambıq ipliyi – 25,8% azalıb.

 

2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında təzə meyvə idxalı 2,5%, çay – 4,7%, quş əti və onun əlavə məhsulları – 2,2%, mal əti – 92,1%, siqaret – 9,9%, polad prokatı – 9,0%, minik avtomobilləri – 2,0 dəfə, hesablama maşınları, blok və qurğuları – 52,6%, rezin şinlər – 31,5%, qara metallardan çubuqlar – 11,4%,  mineral gübrələr – 19,6%, qara metallardan künclüklər ­– 23,1%, paltaryuyan maşınlar – 67,5%, məişət kondisionerləri – 23,8%, yük avtomobilləri – 2,2 dəfə, avtobuslar – 2,1 dəfə artmış, buğda idxalı isə 22,2%, xam şəkər və şəkər – 2,6%, bitki yağları – 4,4%, kərə yağı, digər süd yağları və pastaları – 7,4%, kartof – 10,7%, təzə tərəvəz – 43,7%, qara metallardan borular – 47,4%, mebel – 19,2%,  polietilen – 8,7%, sement və sement klinkerləri – 92,5%, məişət soyuducuları – 16,4% azalıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri