Deputat: Xəlil Rza da, oğlu da şəhiddir



Mənim sevdiyim şairlərin içində Əli Kərimin, Məmməd Arazın, Ramiz Rövşənin hansısa şeirlərini bəyənməməyim onların şairliyinə kölgə salmır ki?!

Bunu millət vəkili, BQP başqanı Fazil Mustafa deyib.

O qeyd edib ki, gənc yazıçı Kəramətin Xəlil Rza və şəhid oğlu haqqında söylədiklərinə görə üzr istəməsi doğru bir addımdır.

Onun sözlərinə görə, kimsəni qızışdırıb Vətəni qorumağa göndərmirlər, bu, könül işidir və Xəlil Rza da, oğlu da bu Vətənin şəhidləridir:

“Ata sözün şəhididir, oğlu da savaşın şəhididir. Hər ikisinin Allah qatında mükafatı veriləcək. Bu məsələdə irad bildirənlər haqlı idi və bu üzrxahlığı da anlayışla qarşılamaq lazımdır. Xəlil Rzanın bir şair kimi qiymətləndirilməsi məsələsinə etirazlara gəldikdə isə, burada hansısa ittihamı sağlam düşüncə ilə uzlaşdırmaq olmaz. Bu bir ədəbi zövq məsələsidir, Xəlil Rzanın yaxşı, maraqlı şeirləri və tərcümə əsərləri ilə yanaşı, konyektura üçün yazılmış, bəzən də bədii dəyəri yüksək olmayan şeirləri də mövcuddur. Bu, əslində, Səməd Vurğuna da, Rəsul Rzaya da, Hüseyn Cavidə də, Bəxtiyar Vahabzadəyə də, Musa Yaquba da, Məmməd Araza da və onlarla dəyərli şair və yazarımıza münasibətdə də səsləndirilə biləcək fikirlərdir”.

Millət vəkili onu da deyib ki, gözəl şeirlərlə yanaşı, bəyənilməyən şeirlərin də olması bir reallıqdır və bunları qeyd edən şəxsləri ittiham etmək gülüncdür:

“O zaman ədəbi tənqidi kökündən qadağan etmək lazımdır, çünki cəmiyyətimiz ancaq ədəbi tərifi sevir. Mənim sevdiyim şairlərin içində Əli Kərimin, Məmməd Arazın, Ramiz Rövşənin hansısa şeirlərini bəyənməməyim onların şairliyinə kölgə salmır ki?! Bu cəmiyyətdə fikir, düşüncə boğucusu, kitab yandırıcısı olan insanlara geniş meydan vermək də təhlükəlidir. Onlar mətn oxumazlar, kitab oxumazlar, peşəkar daşqalaqçı güruhu kimi davranarlar.

Sənətə, ədəbiyyata, tarixə, bu günə fərqli baxışların qorunması millətin inkişafı baxımından zəruridir, bu kimi mövzularda diskussiyalar vacibdir, mədəni müzakirəyə, düzgün düşüncəyə cəmiyyəti alışdıra bilməsək, adamlar evində söydüyü söyüşləri məntiqli, səviyyəli cavab yerinə sosial mühitə daşıyacaqlar”.



oxu.az
Şərhlər
Sosial bölməsinin xəbərləri