“Azərişıq” SMART sayğaclarının proqram təminatında yaranan problemlərə aydınlıq gətirib
- 24.01.2018, 11:07,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərişıq” ASC bir neçə rayonda SMART işıq sayğaclarının proqram təminatında yaranan problemlərə aydınlıq gətirib.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev APA-ya verdiyi məlumata görə, SMART sayğaclarının proqram təminatında kütləvi şəkildə problem qeydə alınmayıb.
"Bilirsiniz ki, yeni abonentlər üçün kütləvi şəkildə SMART sayğacları quraşdırılır. bu baxımdan 200-300 sayğacdan birində hər hansı texniki qüsur ola bilər. Texniki qüsur olanda sayğacın kartı oxuma funksiyası itir. Bundan başqa, kart səhv daxil ediləndə də sayğacın proqram təminatını pozulur. Eləcə də abonentlər kartı zədələdikdə və ya nəm yerdə saxladıqda kart öz funksiyasını itirir. Buna görə də abonentlər kartdan istifadə edə bilmir", - deyə T. Mustafayev vurğulayıb.
“Azərişıq” rəsmisi əlavə edib ki, sadəcə olaraq fərdi qaydada bəzi abonentlərin SMART sayğaclarının proqram təminatında müəyyən problemlər yaranıb: "SMART sayğacların proqram təminatında qüsur varsa, abonentlər rayon işıq idarələrinə, Elektrik Şəbəkələrinə müraciət etsinlər. Onların müraciətlərinə əsasən, əməkdaşlarımız yaranmış problemi operativ qaydada aradan qaldırır. Qeyd edim ki, ölkədə elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Eyni zamanda, abonentlər elektrik enerjisinə görə ödənişləri poçt şöbələri, banklar vasitəsi ilə, eləcə də həm onlayn, həm də mobil telefonlar vasitəsi ilə də yüksək səviyyədə rahatlıqla həyata keçirir".
***
“Azərişıq” ASC-nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb. APA-nın xəbərinə görə, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrində ödənişlərin SMART sayğaclarına yüklənməsi mümkünsüz olub. Abonentlər SMART karta ödəniş edilməsi və sayğaca yüklənməsində çətinlik çəkirlər.
Hazırda sayğaclarda yaranan problemlər səbəbindən abonentlərin bəzilərinin mənzili işıqsız qalıb. Ağdam Elektrik Şəbəkəsinin operatorları abonentlərin müraciəti əsasında hazırda sayğacların proqram təminatının yenilənməsini həyata keçirirlər.
“Azərişıq” ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəisi Şahid Tahirov APA-ya açıqlamasında bildirib ki, nasazlıqlar sonuncu dəfə quraşdırılan İran istehsalı olan “PAUD RAAD” SMART sayğaclarında müşahidə olunur. Onun sözlərinə görə, şəbəkənin əməkdaşları hazırda kəndlərdə yaranan problemin həlli ilə məşğuldur.