Təhsil Nazirliyi yeni təklif hazırladı: Summativlərin ləğvi ilə bağlı
- 24.01.2018, 13:32,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilə, 1-ci siniflərdə isə summativ qiymətləndirilmə ümumiyyətlə ləğv edilə bilər.
Bu barədə Təhsil Nazirliyi Trend-in sorğusuna cavab olaraq, bildirib.
Nazirlikdən bildirilib ki, summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Hazırda layihə sənədi müzakirə mərhələsindədir.
Sənədə əsasən, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur.
5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir.
Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur:
"Hələlik bunlar təklif şəklində müzakirədədir. Layihə təsdiq olunacağı halda o, 2018-2019-cu tədris ilində tətbiq ediləcək".
Qeyd edək ki, kurrikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.
Summativ qiymətlədnrimə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasəında şagirdlərin illik qiymətləri formalaşır.