Beynəlxalq Bank: London məhkəməsinin qərarı restrukturizasiya prosesinin nəticəsinə təsir göstərmir
- 26.01.2018, 11:50,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası prosesi uğurla tamamlandıqdan sonra Azərbaycan Beynəlxalq Bankı prosesin bu yuridiksiyalarda müddətsiz tanınması məqsədilə ABŞ və Böyük Britaniya məhkəmələrinə müraciət edib. Belə bir müraciət BMT-nin Beynəlxalq Ticarət üzrə Komissiyasının (UNCITRAL) çərçivə qanunu əsasında yerinə yetirilən hüquqi prosedurdur. Bu prosedur sırf texniki xarakter daşıyır, transsərhəd effektinə malik deyil və restrukturizasiya prosesinin nəticələrinə də heç bir təsir göstərmir. Restrukturizasiya olunmuş öhdəliklər müqabilində onlara təklif edilən maliyyə alətlərini artıq təhvil almış kreditorlar üçün bu cür texniki proseslər yenilik sayılmır”.
London məhkəməsinin qərarı ilə bağlı "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankından (ABB) belə bildirilib. Qeyd edilib ki, 18 yanvar 2018-ci il tarixində Nyu-York Məhkəməsi bankın müraciətini təmin edərək artıq ABŞ ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə qarşı iddia tələblərinə müddətsiz moratorium barədə qərar çıxarıb.
“London məhkəməsinin isə belə bir qərarı gözlənilən idi. Çünki ABŞ məhkəmələrindən fərqli olaraq Böyük Britaniyada birinci instansiya məhkəmələri bu qəbildən olan məsələlərlə bağlı yekun qərarvermə səlahiyyətinə malik deyil və bu proses əlavə vaxt aparır. London məhkəməsi bankın restrukturizasiya prosesinin müddətsiz qaydada tanınması barədə apelyasiya, yaxud Ali Məhkəməyə müraciət hüququnu tanıyıb. Halbuki, məhkəmə bankı belə bir hüquqdan məhrum etmək səlahiyyətinə də malik idi. Bu hüququn tanınması isə məsələnin apelyasiya qaydasında, yaxud Ali Məhkəmədə həllini tapacağı perspektivinin çox böyük olduğunu göstərir”, - deyə bankın açıqlamasında qeyd edilib.
Bildirilib ki, moratorium müraciətinin rədd olunması üçün London məhkəməsinə müraciət etmiş "Sberbank" və "Franklin Tempelton" könüllü restrukturizasiya olunmuş öhdəliklərin cüzi hissəsinə malikdir: "Böyük Britaniya ərazisində bankın aktivlərinə iddia tələblərinə qarşı məhkəmə moratoriumu 06 iyun 2017-ci il tarixindən qüvvəyə minib və bu günə qədər hüquqi qüvvəsini qoruyur. Bu kreditorların tələbləri restrukturizasiya prosesinin nəticələrinə hər hansı şəkildə xələl gətirmir. Çünki, bu tələb sırf kommersiya mübahisəsi mahiyyəti daşıyır və restrukturizasiya prosesindən kənardır".
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 1 sentyabr 2017-ci ildə uğurla başa çatıb. Restrukturizasiya nəticəsində 2 mlrd. 265 milyon dollar ətrafında dövlət qiymətli kağızları və bankın 1 milyard dəyərində öz qiymətli kağızları buraxılıb. Qiymətli kağızların paylanması bir neçə mərhələdən keçib və kreditorlar müəyyən edilmiş sənədləşmə prosedurlarını yerinə yetirərək onlara təklif edilən müvafiq maliyyə alətlərini alıblar. Maliyyə alətlərini almayan kreditorlar isə ümumi kreditorlarların təxminən 5%-i ətrafındadır. Onlara təklif edilən qiymətli kağızlar hazırda xüsusi hesabda saxlanır.
Bankın açıqlamasında qeyd edilib ki, bu kreditorlar da lazımi sənədləri təqdim etməklə istədikləri zaman bu qiymətli kağızları təhvil ala, yaxud onları sataraq nağd pul əldə edə bilərlər.