Azərbaycan yol polisi sürücülərin evakuator probleminə aydınlıq gətirdi
- 11.07.2013, 02:18,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Yol hərəkəti haqqında" qanunun tələblərinin əksinə olaraq sürücülər tərəfindən dayanma və durma qaydalarının pozulmasına tez-tez rast gəlinir. Lakin bu qayda pozuntularına görə yol polisi tərəfindən cərimələr tətbiq edilərkən və avtomobillər təxliyyə edilərkən "cərimə meydançası"na aparılması zamanı anlaşılmazlıq və narazılıqlar yaranır.
Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bununla bağlı bəzi məsələlərə aydınlıq gətirib.
İnzibati Xətalar Məcəlləsinin 407-ci və "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər:
"Dayanma və durmanı qadağan edən nişanlar, eləcə də yol xətləri olanda və qanunvericiliklə nəzərdə tutulmuş bir sıra digər hallarda həmin ərazilərdə avtomobillərin saxlanılmasına icazə verilmir. Yolayrıcından 5 m-dən az kənarda, piyada keçidlərinin üzərində və digər yerlərdə nəqliyyat vasitəsinin dayanma və durmasını qadağan edən hallar olduqda, sürücü həmin nəqliyyat vasitələrinin yanında olmayanda avtomobillər evakuatorlar vasitəsilə təxliyyə olunurlar. Nəqliyyat vasitəsinin təxliyyəsi mümkün olmadıqda, onların fotoşəkli çəkilir və mərkəzi informasiya sisteminin məlumatı əsasında yerindəcə protokol tərtib edilir. Prokotokolun bir nüsxəsi avtomobilin ön şüşəsinə vurulur, digər nüsxəsi barəsində protokol tərtib olunmuş şəxsin yaşayış üzrə qeydiyyatda olduğu ünvana göndərilir. Yəni sürücülər hesab etməsinlər ki, onların maşınlarının yalnız şəkli çəkilməli və protokol yerində yazılmalıdır. Bu ancaq o halda edilir ki, avtomobilin təxliyyəsi mümkün olmur".
Onun sözlərinə görə, yollarda quraşdırılmış qadağan nişanlarının qüvvədə olduğu ərazi var: "Heç kəs yol nişanlarının qüvvədə olmadığı ərazidən avtomobili təxliyyə edə, götürüb "cərimə meydançası"na apara bilməz. Əgər həmin nişanın təsir qüvvəsinin olduğu konkret məsafə varsa, bu məlumat həmin nişanın yanında əlavə lövhəcikdə metrlə göstərilir. Əgər əlavə lövhəcik yoxdursa, onda həmin yol nişanı növbəti yolayrıcınadək qüvvədədir. "Yol hərəkəti haqqında" qanunun 64-cü maddəsinə əsasən, qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir".
İnzibati Xətalar Məcəlləsinin 158-1.1-ci maddəsinə əsasən, dayanma və durma qaydalarını pozan sürücü 20 manat məbləğində cərimə edilir və həmin cərimə İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən 30 gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart, internet vasitəsilə və ya yerində ödənilə bilər.
Bununla bağlı şöbə rəisi bildirib ki, nəqliyyat vasitəsini cərimə meydançasından götürmək, nəqliyyat vasitəsinin həmin yerə gətirilməsi və orada saxlanılması üçün müəyyən edilmiş haqq da ödənilməlidir. Həmin haqq ödənildikdən sonra nəqliyyat vasitəsi sahibinə qaytarılır:
"Sürücü dayanma və durma qaydalarını pozubsa, o, cərimə olaraq 20 manat, üstəgəl, Tarif Şurası tərəfindən təsdiq edilmiş miqdarda 20 manat da təxliyyə haqqı ödəyir. Əgər sürücü avtomobili avtobus dayanacağında və ya yolayrıcından 5 m-dən az məsafədə kənarda saxlayıbsa, cərimə olaraq 40 manat, əlavə olaraq təxliyyə haqqı kimi 20 manat, cəmi 60 manat ödəməlidir".