RİH: Bayılda sürüşmə zonasındakı evlərin 90 faizi 2000-ci ildən əvvəl tikilib



Səbail Rayon İcra Hakimiyyəti Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

RİH-dən APA-ya bildirilib ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

 

“Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikilidir. Son 3 ildə isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Araşdırma aparılır”, - deyə məlumatda qeyd olunub.

 

RİH-dən bildirilib ki, bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecədə, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa edilib, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir: “Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarici mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən proseslər xarici deyil, daxili textonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi  üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq.

 

Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır”.

 

Qeyd olunub ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansı araşdırma aparmayıb, mövcud vəziyyətlə maraqlanmayıb, heç bir sualla müraciət etməyərək, ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar: “Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və  ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq”.












Şərhlər
Sosial bölməsinin xəbərləri