MTRŞ: ARB-nin şou verilişlərində narahatlıq doğuran hallar baş verir
- 29.01.2018, 12:35,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Monitorinqlər zamanı telekanallarda reklam və sponsorluqla bağlı müəyyən pozuntular müşahidə olunur”.
Bunu APA-nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, belə halların kütləviliyinin qarşısı MTRŞ tərəfindən alınır: “Xüsusilə yayımçıların reklamlarını praym-taym zamanında yerləşdirmək cəhdləri və sponsor reklamları ilə adi reklam blokları və tele-ticarət bloklarının eyni saatda verilməsi müəyyən problemlərin yaranmasına səbəb olur”.
Şöbə müdiri son vaxtlar ARB telekanalının bəzi verilişlərində baş verənlərin internet mediada, sosial şəbəkələrdə narahatlıqla qarşılanmasına da münasibət bildirib.
T. Dadaşov qeyd edib ki, xüsusilə telekanalın şou verilişlərində narahatlıq doğuran hallar baş verir: “Biz bu məsələdən xəbərdarıq. Təəssüf ki, bunun səbəblərindən biri kanalın cəmiyyətdə bəzən normal reputasiyaya malik olmayan şou nümayəndələrinə daim verilişlərində sərbəstlik verməsidir. Verilişlərdə həmin şou nümayəndələri geyimləri, davranışları ilə müəyyən haqlı narazılıqlara səbəb olur. Bu, bizi də narahat edir və monitorinq qrupu olaraq daim diqqətimizdədir. Qeyd olunan hallarla bağlı ilkin arayışlar rəhbərliyə təqdim edilib. Ümumiyyətlə milli efir məkanında proqramların səviyyəsinin artırılması, verilişlərdə milli-mənəvi dəyərlərin qorunması, ictimai rəyin yayım zamanı nəzərə alınması Şuranın daim önəm verdiyi məsələlərdəndir. Bütün yayımçılar, o cümlədən ARB telekanalı bu məsələdə həssas olmalı, belə xoşagəlməz nüansların ümumi işin keyfiyyətinə xələl gətirməməsinə çalışmalıdır”.