Tanınmış müğənnimizdən qalmaqallı açıqlama: “Müğənni qızla ailə qurmaq olmaz”




Azərbaycanlı müğənni Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib.


LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlanları gələcəkdə müğənni qızla ailə qura bilməz və bu onun ailəsinə, nəslinə uyğun bir addım deyil:


“Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə bu olmaz. Biz 8 övlad valdeyinlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bu günkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur. O rəhbərin düzgün məsləhəti yolu olmasa olmaz. Qardaşım, bacım övladlarına hamısına məsləhəti mən verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil. Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni burda qəbahət bir şey görmürəm. Amma bu bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.


E.Hüseynov bildirib ki, övladlarının gələcəkdə musiqi sahədə olmasını istəməz: “Dörd övladım var. 2 qız, 2 oğlan. İndi 100% qəti deyə bilmərəm ki, gələcəkdə oğlanlarımdan hansısa musiqi sahəsində olmasın. Bu Allahın qismətidir. Amma çalışacam ki, bu sahədə olmasınlar. Niyə? Bu sahə hörmətli sahədir, mən nə etmişəmsə, müğənniliyim sayəsində etmişəm. Amma çox çətin sənətdir. Hər bir valideyn istəməz ki, övladı çətinlik görsün. Bu sahə çox çətin sahədir. Rəhmətlik atam da istəməzdi ki, övladları çətinlik görsün. Onu da deyim ki, hər bir ailənin öz qayda-qanunları var. Hər bir insanın da xarakteri necədirsə, öz ətrafı da elə olur. Bizim xarakterimizə uyğun olmayan bir şeylər də var. Ona görə də övladlarımın musiqi sahəsində olmasını istəmirəm”.


Qeyd edək ki, E,Hüseynovdan başqa illər öncə əməkdar artist Elnarə Abdullayeva da eyni açıqlama vermişdi. E.Abdullayevin bu açıqlaması isə ona baha başa gəlmişdi. Bir çox müğənnilər onun sözlərinə qarşı çıxmışdı. Hətta bu açıqlamaya görə də müğənni Xatirə İslamla da uzun illər küsülü olub.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri