Yanvarın 30-da Rusiyanın “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində tanınmış jurnalistlər Nikolay Svanidze və Maksim Şevçenko arasında əlbəyaxa dava olub.
APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, gərginlik onların İosif Stalinin tarixi rolu ilə bağlı diskussiyasından başlayıb.
N. Svanidze Stalinin dövründə milyonlarla insanın güllələndiyini, repressiyaya məruz qaldığını və aclıq nəticəsində öldüyünü deyib. M. Şevçenko isə bu rəqəmlərin doğru olmadığını söyləyərək opponentini konkret mənbə göstərməyə çağırıb. İkinci Dünya müharibəsi mövzusunun müzakirəsi zamanı N. Savanidze müharibənin əvvəlində 3 milyondan çox sovet əsgərinin əsir düşdüyünü söyləyib, M. Şevçenko isə onu faşistlərlə əməkdaşlığa getmiş vlasovçuları dəstəkləməkdə ittiham edərək bununla da onun döyüşlərdə həlak olan sovet əsgərlərinin məzarlarına tüpürdüyünü vurğulayıb. Cavabında Svanidze həmkarını əclaf adlandıraraq buna görə onun sifətini dağıtmaq (“dat po morde”) lazım olduğunu bildirdikdə Şevçenko "onda gəl vur" deyib. Nəticədə Svanidze yerindən qalxaraq Şevçenkoya sillə vurub, Şevçenko isə öz növbəsində onu yumruqlayaraq yerə sərib. Canlı yayım dayandırılıb.
N. Svanidze baş verən hadisə ilə bağlı “Qovorit Moskva”ya açıqlamasında radio dinləyicilərindən üzr istəyib. O bildirib ki, olay emosiyalarını saxlaya bilmədiyi üçün baş verib və bir daha həmkarına əl qaldırmayacaq.