BP: İlin sonunda neftin bir barelinin qiyməti 50-55 dollar olacaq



BP şirkətinin 2017-ci ildə gəlirləri iki dəfədən çox artaraq 6,2 mlrd. dollara çatıb.

 

LIVE.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu BP-nin maliyyə direktoru Brayan Gilveri (Brian Gilvary) “Reuters” agentliyinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, buna səbəb neftin qiymətinin yüksəlməsi, həmçinin neft və qaz hasilatının artmasıdır. Bu da şirkətə səhm alışı həyata keçirməyə imkan verib.

 

O bildirib ki, 2018-ci ildə neftin bir barelinin qiyməti 50 dollar olacağı halda gəlir əldə edə biləcək: “Şirkətin bütün il ərzində istehsalı 12% artaraq gündəlik olaraq 2,47 mln. barelə çatıb. Buna səbəb isə 2017-ci ildə BP-nin 7 yeni neft və qaz yataqlarının istismara verməsi olub. Ötən il BP-nin emal və ticarətdən əldə etdiyi gəlirləri də 7 mlrd. dollara qədər artıb. 2017-ci ilin dördüncü rübündə şirkətin pul axını 6,2 mlrd. dollara qədər artıb”.

 

B. Gilvari bildirib ki, ötən ilin dördüncü rübündə şirkətin mənfəətinin qiymətləndirməsindən sonra xalis mənfəəti 2,1 mlrd. dolları ötüb. Bu da analitiklər tərəfindən verilən 1,9 mlrd. dollarlıq proqnozdan çoxdur. Şirkətin bütün il üzrə kapital xərcləri 16,6 mlrd. dollara çatıb ki, bunun da 2021-ci ilə qədər saxlanılması planlaşdırılır.

 

B. Gilvari qeyd edib ki, bu ilin yanvar ayında neftin qiymətinin ciddi artımına və üç illik maksimuma çatmasına baxmayaraq, ilin sonunda neftin bir barelinin qiymətinin 50-55 dollara qədər azalacağı gözlənilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri