Naxçıvanda narkotik qaçaqmalçılığının qarşısı alınıb

Bu günlərdə gömrük əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı, 1960-ci il təvəllüdlü Cəlilabad rayon sakini Niftəliyev Natiq Yadulla oğlu narkotika əldə etməkdən ötrü Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmək qərarına gəlib.

O, ifadəsində bildirib ki, yaşadığı kənddə əkdiyi buğdanın satışından əldə etdiyi 310 manat məbləğində pulu götürərək alış-veriş məqsədilə evdən çıxıb. Ələddin adlı İran vətəndaşı ilə bu ölkənin Biləsuvar şəhərindəki bir çayxanada görüş təyin edib. Apardığı pul miqdarında əldə etdiyi narkotik vasitəni gömrük nəzarətindən yayındırmaqdan ötrü bir hissəsini İranın Aslandüz şəhərində bədən üzvünə - düz bağırsağına yerləşdirib. Səhəri gün taksi ilə İranın Poldəşt şəhərinə çatıb, çayxanaların birində çay içdikdən sonra içində narkotika olan digər bükümləri də eyni üsulla özündə gizlədərək Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsinə gəlib. Gömrük məntəqəsini keçərkən şübhəli şəxs qismində saxlanılan vətəndaş Niftəliyev Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə gətirilib. Onun üzərində şəxsi yoxlama aparılıb və bədəninin daxilindən ümumi çəkisi 389 qr olan iki növdə narkotik vasitə - heroin və həşiş aşkarlanaraq götürülüb.

Dindirmə zamanı vətəndaş Niftəliyev bədən üzvündə gizlətdiyi narkotik vasitəni aldığı şəxslə görüşməmişdən qabaq, çayxanada əvvəlcədən tanıdığı bir başqa İran vətəndaşı ilə də görüşüb cinayət əlaqəsinə girdiyi ortaya çıxıb. Ələkbər adlı həmin şəxs vətəndaş N.Niftəliyevi Naxçıvana gedəcəyi təqdirdə narkotika ilə təmin edəcəyinə vəd verib və Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində gizlədilmiş narkotik vasitələrin yerini deyib. Lakin özünün dediyinə görə, guya o, buna inanmayıb və bədən üzvündə gizlətdiyi narkotik vasitələri əvvəlcədən sövdələşdiyi şəxsdən, yəni Ələddindən alaraq geri qayıdıb.

Saxlanılan şəxsin iştirakı ilə hava limanı ərazisinə baxış zamanı nişan verilən yerdəki daşın altından ümumi çəkisi 315 qr olan iki növdə narkotik vasitə - tiryək və həşiş aşkarlanaraq götürülüb.

Niftəliyev cinayət əlaqəsində olduğu şəxslərlə bundan bir il öncə İrana müalicə üçün gedərkən tanış olduğunu, müalicəsi vaxtı ona etdikləri xeyirxahlıqlara görə onlarla yaxınlıq etdiyini deyib.

O, Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində saxlanılmasaydı, Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində gizlədilmiş həmin narkotik vasitələri də götürüb bu və ya başqa şəkildə hava yolu ilə Bakıya aparmağı planlaşdırırdı.

Verilmiş kriminalist-təhqiqat rəyinə görə, hər iki halda aşkarlanmış narkotik vasitələrin ümumi çəkisi 687 qramdan çoxdur. Aşkarlanaraq götürülmüş narkotik vasitələrin 525 qramı həşiş, 136 qramı tiryək, 26 qramı isə heroindir.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxsi üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri