Ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9% artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9 898 085 nəfərə çatıb.
Live.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür.
2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin 4,6%-i Naxçıvan Muxtar Respublikasında, 22,8%-i Bakı şəhərində, 20,3%-i Aran, 12,9%-i Gəncə-Qazax, 9,4%-i Lənkəran, 30,0%-i isə digər iqtisadi rayonlarında yaşayıb.
Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,8 təşkil edib. Doğulan körpələrin 2586-sı əkiz, 57-si üçəm olub. Doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8% təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın düşüb.
Ötən il ölkədə 57109 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.