Bu ay boşandığını rəsmən elan edən “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovaya evlilik təklifi gəlib.
LİVE.az-ın məlumatına görə, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb. O bildirib ki, rəsmən boşanandan sonra 2 dəfə ona elçi düşüblər: “Artıq 2 dəfə evlilik təklifi etdilər. Normal evlilik təklifləri necə olursa, bu da elə oldu. Amma mən yox cavabını verdim. Şəxsi həyatıma fasilə vermək istəyirəm. Evlilik təklifi edən şəxs azərbaycanlı idi. Amma mən razı olmadım. Çünki indi ərə getmək istəmirəm. Hələ bir az özüm üçün yaşamaq istəyirəm. Neçə ildən sonra ailə quracağımı bilmirəm. Bunu bir tək Allah bilir. Mənə elə bir insan rast gəlməlidir ki, yüz faiz əmin olum ki, o məni sıxmayacaq. Hələ ki, özüm üçün yaşayıram. O biri insanı niyə bədbəxt edim ki? İndi şəxsi həyatımda bir fasilə olmalıdır ki, nələri düz, nələri səhv etdiyimi anlayım. Daha sonra 2-ci ailəmi quranda uğursuzluq olmasın”.
D.Kazımova ilk dəfə boşanma səbəbini də açıqlayıb: “Onunla xarakterimiz üst-üstə düşmədi. Adamlar bir-birləri ilə eyni evdə yaşamaq istəməyəndə məncə ayrılmalıdırlar. O mənim sənətimi sıxışdırmağa başladı. Bütün narazılıqlar da bundan sonra başladı. Mənə deməmişdi ki, sənətdən getməlisən. Amma yavaş-yavaş hiss etdim ki, məni sənətə qadağa etmək istəyir. Onu da əlavə edim ki, evliliyimizin ilk vaxtlarında qadağaları yox idi, sonradan başladı. Onun qadağalarına dözürdüm, sonra öz-özümə dedim ki, niyə dözməliyəm? Ona görə də ayrıldıq. O özü də Türk vətəndaşı idi, müqaviləsi bitdi və getdi. Məndən qaçmayıb, özü gedib. Dost kimi ayrıldıq, amma yaxın dost deyilik. Salam, sağ ol qalır”.
Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə və 2016-cı ildə ayrılıb.