Bayılda tikintisi aparılan və aparılacaq pilot layihələr təkrar ekspertizadan keçiriləcək

Səbail rayon Bayıl yaşayış massivində tikintisi aparılan və aparılacaq pilot layihələr təkrar ekspertizadan keçiriləcək.
 
Səbail rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimovun APA-ya verdiyi məlumata görə, belə bir təkliflə rayonda pilot layihələr həyata keçirən sahibkarlarla görüşdə rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edib.
 
E. Əzizov deyib ki, pilot layihələr həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar. İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyəti qurumlara Bayılda tikintisi aparılan və aparılacaq pilot layihələrin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun: “Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri