Bakıda silahlı şəxs zərərsizləşdirilib

Bakıda polis silahlı şəxsin zərərsizləşdirməkdən ötrü xüsusi əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Salyan rayon sakini, 50 yaşlı Elşən İsmayılovun qanunsuz odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. E. İsmayılov dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutulub.
 
E. İsmayılov tutularkən polis əməkdaşlarına müqavimət göstərsə də, əməliyyatçılar onu tərksilah ediblər. Saxlanılan şəxsin üstündən 1 ədəd “Mauzer” tipli tapança və 3 ədəd güllə aşkarlanaraq götürülüb.
 
Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, silahı 90-cı illərin əvvəllərində müharibə bölgəsindən gətirib və Salyan rayonunda yaşadığı evin həyətində torpağa basdırıb. Bir müddət əvvəl isə tapançanı çıxararaq təmizləyən Elşən İsmayılov özü ilə Bakı şəhərinə gətirib və mütəmadi üstündə gəzdirib.
 
Kriminalistik ekspertiza silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini araşdırır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri